banner banner banner
Xatirələr
Xatirələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Xatirələr

скачать книгу бесплатно

Atam əvvəllər Yardımlı və Lerikdə, sonralar Lənkəranda müxtəlif vəzifələrdə qulluq edib, arada partiya kursunu bitirib. Amma 1943-cü ilə kimi öz evimiz olmadığına görə orda-burda qalırdıq.

Ata babamı və nənəmi görməmişik. Ana babam Mirzəli və nənəm Gülbəyim isə hələ də

yadımdadırlar. Hədsiz mehriban və mülayim təbiətli insanlardı. Separadidə çox böyük həyətləri, həyətdə saysız meyvə ağacları vardı. O ağacların, xüsusilə armudların artıq nəsli kəsilib. Evin qabağında nəhəng armud ağacı vardı. Ona “Qara hülə”, yəni “Qara armud”

deyərdilər. Dadı hələ də yadımdadır girdə, boz rəngli, iri meyvə idi.

Lənkərandan araba ilə kəndə səfərlərimiz yadımdadır. Orda bütün günü həyəti gəzər, bir də

görərdim ki, həyətin ayaq dəyməyən kol-koslu bucaqlarında gözəl şaftalı, albalı, heyva ağacları toxunulmadan qalıb. Onların meyvəsi heç dərilməz, bu da mənimçün bayram olardı.

Mirzəli ilə Gülbəyim müharibə illərində altmış-altmış beş yaşlarında, heç şübhəsiz ki, ehtiyacdan öldülər. Çünki o illərdə hərə öz hayında idi. Yadıma gəlir ki, Lənkəranda elə

yollarda, yaxud şəhərin ortasındakı bağda neçə-neçə adam uzanıb acından ölərdi. Dəhşətli illər idi. Heç kim heç kimin hayına qalmır, hərə özünün, öz ailəsinin dərdini çəkirdi. Şəhərdə

yaşayanlar üçün nisbətən yaxşı idi. Çünki talonla “qalac” – qara çörək alırdılar. Kərpic şəklində, amma bir az qalın, hərəsi bir kilo olan, qapqara undan bişirilmiş çörək idi. Onu elə-belə yemək ləzzət vermədiyinə görə dilimləyib sobanın üstündə qızardar, sonra xırçıltı ilə yeyərdik.

Babamın yerdən bir qarış hündür olan torpaq döşəməli, gərək ki, qamış və torpaq divarlı evi vardı. Bu evdən daim qəribə, xoş torpaq ətri gələrdi.

Yadımda deyil haçan, yəqin ki, 40-41-ci illərdə Mədinə xala ilə gah qardaşım Qəhrəmanla üçümüz, gah da xalamla ikimiz iyirmi kilometrlik yolu payi-piyada kəndə gedərdik. Görünür, uşaq olduğuma görə yavaş-yavaş getdiyimizdən yol sanki bitib-tükənmirdi. Yorulanda xalam 7

məni belinə alardı. Torpaq yolla hey gedərdik. Ayaqyalın olduğumuzdan toz barmaqlarımızın arasından pıf edib havaya qalxardı. O vaxtlar maşın nadir hadisə idi.

Bəzən kəl arabası ilə gedərdik. Özü də çox vaxt gecələr. Araba iyirmi verstlik yolu yeddi-səkkiz saata başa vururdu. Belə səfərlərimizdən birini “Bir ağac tanışım var” hekayəmdə təsvir etmişəm. Saman döşənmiş arabada arxamız üstə uzanıb göyə tamaşa edərdik. Yadımda qalan başımızın üstündəki saysız ulduzlar, uzaqdakı nəhəng ağaclar, kiçik körpülərin ağ divarları və

nəhayət, araba təkərlərinin və məhəccərinin bitib-tükənməz cırıltılarıdır.

Yumşaq saman üstə uzanıb səssiz-səmirsiz çöllərdən saysız böcək, ilbiz və gecə quşlarının səsi ilə yuxuya gedər, oyananda hələ də yolda olduğumuzu, Mədinə xalanın, Qəhrəmanın və

arabaçının yanımda olduğunu görüb sevinər, kənddə dədəgildə (babamızı “dədə” çağırardıq) paxla, doşab, düyü fətiri, ən əsası isə armud, heyva, alça ağaclarına çıxıb doyunca yeyəcəyimi, ciblərimi dolduracağımı, həm də budaqlarda cırcırama tutacağımı düşünüb ləzzət alardım.

Məktəbəqədərki həyatımdan daha nələr yadımda qalıb? Əlbəttə, uşaqlıq oyunları, qonşu uşaqları ilə dalaşmalarımız, yaxın kəndə – Sutamuradova meyvə oğurluğuna getmələrimiz…

Məhəllə uşaqları Paşa, İlyas, Bayram, Alim, Arif və başqaları həm də savaş mənbəyi idilər.

Savaşmalar da ən çox oyun vaxtı kimsə cığallıq edəndə baş verirdi. Uşaqlar içində açıq favorit –

yalnız Fikrət idi. O vaxt deyildiyi kimi, çox “zağar” idi, yəni dalaşqan. Heç kimdən qorxmurdu.

Üstəlik, anası və böyük qardaşı da davakar, aqressiv və həyasız idilər. Bir də keçəl İlyas heç kimdən qorxmurdu. Çünki dörd-beş böyük qardaşı vardı. Bayramdan, Arifdən və bizdən başqa bu uşaqların ataları yox idi. Yəqin ki, müharibədə həlak olmuşdular. Alimin, hansısa rayonda işləyən atasını, yadımda gəlir ki, öldürmüşdülər. Yasını xatırlayıram, bütün məhəllə yığışmışdı.

Alimin Aydın adlı hədsiz davakar böyük qardaşı vardı. Onların hamısını təbii ki, anaları dolandırırdı. Nə ilə? Əlbəttə, alver ilə. O vaxt başqa qazanc yolu yox idi.

“Qoz-qoz”, “aşıq-aşıq” oyunlarından başqa, “çilink-dəstə”, “ağlar-qırmızı”, “hadar-hadar”

və əlbəttə, ən əsası, futbolu qeyd etmək olar. O vaxt futbol oynamaq üçün heç balaca top da yox idi. Topu “kos” və ya “ləp” adlandırardıq. Uşaqlarla “ləp-ləp oynamağa gedirik” – deyərdik.

Çox vaxt elə küçəmizdə oynayardıq. Nadir hallarda araba, fayton və ya maşın keçəndə

dayanar, sonra hansı vəziyyətdə dayanmışdıqsa, o vəziyyətdə də təzədən oynamağa başlardıq.

Ancaq əsas oyun yerimiz çay qırağı, topumuz isə əsgidən düzəldilən yumru kos olardı.

Ümumiyyətlə, uşaqlığımız həmin çay qırağında keçib. Lənkəranda iki çay vardı – Balacaçay və

Böyükçay. Böyükçaydan keçmək bizim üçün çətin idi. O, dərin və coşqundu, özü də ilboyu balıqla dolu olardı. Balıqlar, əsasən, yazda və payızda tutulardı. Çünki çay boyu üzüyuxarı miqrasiya edərdilər. Nərə balıq növlərindən başqa, bütün növ balıqlar olardı. Ən qiymətlisi lənkəranlıların “azatmayı” adlandırdıqları qızılbalıq, yəni losos idi. Ən çox tutulanı və yeyiləni isə yenə lənkəranlıların “ziyad” adlandırdıqları kütüm, sonra isə çəki və sıf balıqları idi. Kütüm hər evin gündəlik ən əziz yeməyi idi. İçini doldurub təndirə qoyar, ya da tavada qızardardılar.

Çəki və kütüm indi də boldur. Qızılbalıq isə artıq əlçatmaz delikatesdir. “Təzə bazar”da kilosu 30-40 manatdır. Bu balıqlar dəstə-dəstə çay boyu üzüyuxarı gedər, camaat da yenə çay boyunca ya atma, ya da səbət torlarla tutardılar. İldə bəlkə də, yüz minlərlə kütüm tutulsa da balıq heç azalmazdı. Müharibə illərində də “lənkəranlıları balıq saxladı” desəm, yəqin ki, düz olar. Çünki bu növ balığı tutmaq mümkün və asan idi.

Payızda, qışda isə əlbəttə, ov quşları – ördək, qaşqaldaq və başqa quşlar lənkəranlıların əsas yeməyi idi. Onlardan növ-növ plovlarda istifadə edilərdi. Belə ekzotik plovlardan birinin dadı hələ də yadımdan çıxmayıb. Xalam və anam “Qara plov” adlanan həmin yeməyin ustaları idilər. İndi artıq onu bişirən çox azdır. Həm də həmin dadda olmur. Ləvəngi doldurulmuş yağlı 8

çöl ördəyini turş nar ilə qaynadar, sonra içinə təmiz yuyulmuş, qızdırılmış nal atardılar.

Ördəyin suyu bir anda qaralardı. Sonra yarıbişmiş düyünü həmin qara ördək suyunda bişirərdilər. Əlbəttə, fisincan ilə. Fisincan da əsasən, soğan və qozdan ibarət olardı.

Kiçik çayda isə adı kimi kiçik balıqlar olurdu. O lap evlərin yanından axardı. İlin üç ayı suyu çox olar, yayda isə azalardı. Orada çəki, şahmayı, qara sol, şirbit, naqqa və başqa balıqlar olardı.

Biz dəftər skripkasından tilov düzəldib çaya atar, həmin kiçik balıqlardan tutardıq. Lap balacalarını, əlbəttə, çaya atardıq. Bir az böyüklərini evə gətirər, anamız bizimçün tavada qızardardı.

Yay ayları hər iki çayın suyu xeyli azalardı. Bu da bizimçün əsl bayram olardı. Demək olar ki, səhərdən-axşamacan çayqırağı çəmənlikdə qaçar, o qədər oynayardıq ki, yorulub əldən düşəndə özümüzü isti çaya atardıq. Balıqçılar Böyükçayı müəyyən yerlərdə qazıb dərinləşdirərək “şolqi”, yəni dərin yer düzəldərdilər və biz də əsasən, belə yerlərdə çimərdik.

Su, əlbəttə, boyumuzdan hündür olardı. Amma çox da dərinə getməz, boyumuza qədər olan yerlərdə çimər, qum üstə uzanar, yenə çimərdik.

Demək olmazdı ki, üzə bilmirdim, amma qaydasınca üzə bilmədiyimdən və üzərkən düzgün nəfəs almadığımdan o dəqiqə yorulardım. Və bu xüsusiyyət hələ də məndə qalır. Ona görə boyumdan dərin yerə heç vaxt getməzdim.

Günorta evimizə gəlib nahar edər, ya da anamızdan pendir-çörək alıb yeyə-yeyə yenə çay qırağına qaçardıq.

Yaxın qonşularımız üz-üzə Qəmbərgil, sağda Mustafagil, solda isə Şacıağagil idi. Qəmbərin müharibədə ölmüş qardaşı Mərinin evini almışdıq. Təxminən 42-43-cü illərdə 40 min manata.

Yadıma gəlir, anam bütün qızıllarını, evdə çox qiymətli əşyalarımızı, xalçalarımızı satmışdı. O

vaxt kənddə “ispolkom” işləyən atamı çox o yan-bu yana çəkdilər. Çünki dövlət qulluqçusunun belə hərəkəti yolverilməzdir. O mənada ki, yəni pulu haradan gətirmisən? Atam da yalnız sənədlər sayəsində bu vəziyyətdən çıxdı. Məri, qeyd etdiyimiz kimi, Qəmbərin qardaşı idi. Ona görə onlar, xüsusilə mən yaşda olan oğlu Bayram həmişə bizə düşmən kimi baxırdı. Anası Züleyxa belə deyildi. Çox mehriban, ürəyi geniş arvad idi. Gecələr çox vaxt onlara gedər, nərd, domino, ən çox isə loto oynayardıq. Qəmbər qoca, amma çox qumarbaz adam idi. Bəzən şəhərdən və məhəllədən çoxları gəlib onlarda domino oynayardılar. “Telefon” adlanan oyunda çox vaxt onların dediyi rəqəmləri mən yazırdım. Kim 355 rəqəmini tez başa vursa, qalib olurdu.

Təbii ki, gələn də, Qəmbər də məni tanıyırdılar, mən də onları. Ona görə hər ikisi mənə göz vurardı ki, onunçün çox yazım. Mən də fikirləşib belə edərdim, həm onunçün, həm də

bununçün eyni dərəcədə artıq yazardım. Mən yazanda çəpəki baxıb görərdilər ki, 10 əvəzinə

mən 20 yazdım və hər ikisi məndən razı qalardı. Bu minvalla vəziyyətdən çıxardım.

Özümüz də çox oynayardıq. İllah da loto. Bizdən xeyli aralı yaşayan bir kişi vardı. Oğlu Ağa müəllim bizə ikinci-üçüncü siniflərdə dərs demişdi. Deməli, biz yeddi nəfər, iki qonşu ailə

üzvləri, bir də həmin bu uzaq qonşu. Dərhal, əlbəttə, Qəmbərin göstərişi ilə birləşərdik. Hər dəfə birimiz həm “terna”nı, həm də “davolna”nı deyərdik. Yəni hər iki mərhələdə udardıq.

Deməli, bu necə olardı? Kim daşları torbadan çıxarıb çağırırsa, o, hər şansı birimizin cədvəlinə

baxıb daşın hansı nömrə olmasından asılı olmayaraq lazımi rəqəmləri deyərdi və nəticədə

hansımızsa qalib gələrdik. Nəhayət, daim uduzduğunu görən həmin Ağa müəllimin yaşlı atası şübhələnib deyərdi: “Hələ ver, o 47-yə baxım”. İstər-istəməz verməli olardıq. Qoca gözü pis gördüyündən çeşmək arxasından baxıb deyərdi: “Axı, bu, 47-yə oxşamır”. Qəşş edib gülərdik.

9

O vaxt şəxsi ev aldığımıza görə, partiya üzvü olan və dövlət işində işləyən atamı çox çək-çevirə saldılar. Atam sənədləri, şahidləri göstərib evi nəyin hesabına aldığını sübut etsə də, əl çəkmirdilər. Çünki o vaxt partiya üzvü, dövlət adamının pulu ola, ev ala bilməzdi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)