banner banner banner
Mio, mənim Miom
Mio, mənim Miom
Оценить:
Рейтинг: 0

Полная версия:

Mio, mənim Miom

скачать книгу бесплатно

– Mənsə onu sevirəm, – Yum-Yum dedi, – elə xeyirxah gözləri var ki. Gecən xeyrə qalsın, Mio. – Mənimlə sağollaşıb qaçdı.

Biz bağdan çıxmamış quş böyük, qara qanadlarını çala-çala göyə qalxdı.

Mənə elə gəldi ki, göydə üç balaca ulduz yandı.

MİRAMİS

Maraqlıdır, görəsən, Benka mənim ağ atımı, qızıl yallı, qızıl dırnaqlı Miramisimi görsəydi, nə deyərdi?

Benkayla yaman at həvəskarıyıq. Mən Uplandsqatan küçəsində yaşayanda təkcə Benkayla, Lundin xalayla dostluq eləmirdim. Bir dostumu az qala tamam unutmuşdum. Onun adı Kalle-Loş idi, pivə zavodunda işləyən qoca, ölgün yük atıydı.

Həftədə bir neçə dəfə səhərlər Uplandsqatandakı mağazaya pivə gətirirdilər. Məktəbə gedərkən mən hər dəfə bir neçə dəqiqə sərf edirdim ki, Kalle-Loş ilə bir az söhbətləşim. O, xeyirxah, qoca at idi, mən də onun üçün qənd parçaları və çörək qırıntıları saxlayırdım.

Benka da belə edirdi, çünki Kalleni mənim kimi çox istəyirdi.

O deyirdi ki, Kalle onun atıdır, mənsə deyirdim, mənimdir, Kallenin üstündə hərdən dalaşırdıq da. Amma Benka eşitməyəndə Kallenin qulağına pıçıldayırdım: “Sən mənimsən”. Kalle-Loş da razılıqla mən tərəfə əyilirdi. At Benkanın nəyinə lazım idi ki, axı onun ata-anası, insana lazım olan hər şeyi vardı. Düzünə qalsa, Kalle-Loş bizə yox, pivə zavoduna məxsus idi. Biz yalnız onu özümüzünkü sanırdıq. Doğrudur, arabir özüm də buna inanırdım.

Bir dəfə Kalle ilə laqqırtı vurub dərsə gecikdim, müəllim soruşanda ki niyə gecikmişəm, bilmədim nə cavab verim. Axı müəllimə necə deyə bilərdim ki, qoca atla laqqırtı vururdum. Səhərlər pivə arabası uzun müddət gəlib çıxmayanda məktəbə Kalle-Loşla görüşməmiş qaçmalı olurdum. Arabaçıya acığım tuturdu ki, niyə diribaş deyil. Parta arxasında oturub qənd parçalarını, çörək qırıntılarını cibimdə fırladır, Kalledən ötrü darıxırdım. Fikirləşirdim ki, onu görənə kimi hələ bir neçə gün də keçəcək. Onda müəlliməm soruşurdu:

– Nədir, ay Busse, nəyin dərdini çəkirsən? Nə olub?

Susurdum, nə cavab verə bilərdim axı? Məgər müəllimə mənim Kalleni necə sevdiyimi başa düşə bilərdi?

İndi Kalle Benkanın ixtiyarındadır. Bu da düzdür! Madam ki mən yoxam, qoy Kalle Benkaya təsəlli versin.

Mənimsə qızıl yallı Miramisim var. Özü də gözlənilmədən tanış olmuşuq.

Bir dəfə axşam atamla oturub söhbətləşərək(lap Benka öz atası ilə olduğu kimi) planer düzəldərkən ona Kalle haqqında danışdım. Atam soruşdu:

– Mio, mənim Miom, at sevirsənmi?

– Bəli, sevirəm, – bacardığım qədər laqeyd cavab verdim ki, atam nəyəsə ehtiyacım olduğunu düşünməsin.

Ertəsi gün atamla bağda gəzərkən gördüm ki, qızılgüllərin arasıyla mənə tərəf bir at çapır. Heç zaman belə gözəl dördayaq yeriş görməmişdim. Külək atın qızıl yalını dalğalandırır, qızıl dırnaqları günəş işığında parlayırdı. At düz mənə tərəf gəlir, sevinclə kişnəyirdi. Heç vaxt belə coşqun kişnərti eşitməmişdim. Bir az qorxub atama sığındım. Ancaq atam möhkəm əli ilə atın yalından tutdu, at dayanıb yerindəcə durdu. Sonra qənd tapmaq ümidiylə yumşaq burnunu mənim cibimə toxundurdu. Kalle-Loş da eynilə bu cür edirdi. Xoşbəxtlikdən cibimdə qənd parçası vardı. Görünür, köhnə adətim üzrə cibimə qoymuşdum. At onu tapıb xırçıldada-xırçıldada yedi.

– Mio, mənim Miom, – atam dilləndi, – bu sənin atındır, adı da Miramisdir.

Ah, mənim Miramisim! Səni ilk baxışdanca sevdim. Bütün dünyanı gəzsən də, belə gözəl at tapa bilməzsən. O, qoca, əldən düşmüş işlək Kalleyə heç bir damcı da oxşamırdı. Miramis öz gözəl başını qaldırıb mənə baxana qədər, hər halda, heç bir oxşarlıq tapmadım. O zaman gördüm ki, gözləri eynilə Kalleninki kimidir. Bütün atların gözləri kimi çox sədaqətlidir.

Ömrümdə heç zaman ata minməmişdim. Atam məni Miramisə mindirdi.

– Bilmirəm sürə bilərəmmi?

– Mio, mənim Miom, – atam dedi. – Məgər sənin cəsur ürəyin yoxdurmu?

Əlimi cilova atan kimi bağdakı qovaq ağaclarının altı ilə çapmağa başladıq, gümüşü yarpaqlar ilişib saçlarımda qaldı.

Mən daha sürətlə çapırdım, Miramis ən hündür qızılgül kollarının üstündən tullanıb keçirdi. Yalnız bircə dəfə canlı çəpərə toxundu, arxamızca bir yığın çəhrayı ləçək uçuşdu.

Bu zaman bağa Yum-Yum gəldi. Məni at üstündə görəndə əl çalıb qışqırdı:

– Mio Miramisi çapır! Mio Miramisi çapır!

Mən atı saxlayıb Yum-Yumdan soruşdum ki, gəzmək istəyirmi. Necə istəməsin! O, dərhal ata sıçrayıb arxamda oturdu. Biz qızılgül bağlarının arxasınca uzanıb gedən yaşıl çəmənliklərlə çapmağa başladıq. Ömrümdə belə hislər keçirməmişdim.

Atamın krallığı böyükdür. Uzaq-uzaq ölkə isə onun torpaqları arasında ən böyüyüdür. O, şərqdən qərbə, şimaldan cənuba uzanır. Kralın qəsri ucalan ada Yaşıl Çəmənliklər adası adlanır.

– Gedək körfəzin o biri tərəfinə, dağların dalında Dənizarxası və Dağarxası ölkələr yerləşir. Onlar da atanın krallığına daxildir! – biz yaşıl çəmənliklərlə at çaparkən Yum-Yum mənə qışqırdı.

Ətrafımız çox gözəl idi: yumşaq, təravətli otlar, ala-bəzək çiçəklər… zümrüdü yaşıl təpələrdə isə yumşaqtüklü quzular otlayır. Balaca çoban tütəkdə şirin bir hava çalır. Mənə elə gəldi ki, onu əvvəllər eşitmişəm, amma harada eşitdiyimi yadıma sala bilmədim. Hər ehtimala qarşı Uplandsqatan küçəsində eşitmiş olaram, bu dəqiqdir.

Mən atı saxladım, biz söhbət eləməyə başladıq. Çobanın adı Nonno idi. Mən soruşdum ki, tütəyi mənə çalmağa verərmi. O nəinki tütəyi verdi, həm də mənə öz havasını öyrətdi.

– İstəyirsiz, sizə tütək düzəldim? – soruşdu. Söz yox ki, çox istəyirdk. Yaxınlıqda çay axırdı. Salxım söyüd budaqlarını çayın üzərinə sallamışdı. Biz sahildə oturub ayaqlarımızı suya saldıq, Nonno da bizə tütək düzəltməyə başladı. Dedi ki, tütəkdə çaldığı nəğmə dünyada ən qədim nəğmədir. Çobanlar onu min illər bundan əvvəl otlaqlarda çalırlarmış.

Biz tütək düzəltdiyinə və qədim nəğməni bizə öyrətdiyinə görə Nonnoya təşəkkür elədik. Sonra ata minib yolumuza davam etdik. Nonnonun tütəyinin zəifləyən səsi hələ bir xeyli müddət eşidildi.

– Bu tütəkləri saxlayaq, – Yum-Yuma dedim. – Hansımızdan biri dara düşsə, qoy tütəkdə çoban havasını çalsın.

Bu an Yum-Yum atdan yıxılmasın deyə əlləriylə məni arxadan tutdu və dedi:

– Hə, biz bu tütəkləri saxlayacağıq, əgər mənim tütəyimin səsini eşitsən, bil ki, səni çağırıram.

– Yaxşı, – cavab verdim, – sən də mənim tütəyimin səsini eşitsən, bil ki, mən də səni səsləyirəm.

– Oldu, – dedi Yum-Yum.

Mən düşündüm ki, indi o mənim ən yaxın dostumdur. Əlbəttə, atamı saymasaq. Atamı dünyada hamıdan çox sevirdim. Madam ki daha Benkayla görüşə bilmirəmsə, Yum-Yum mənim yaşıdım və ən yaxın dostumdur.

Nə yaxşı oldu! Mənim atam, Yum-Yumum, Miramisim var, indi mən azad külək kimi təpələri, çəmənləri dolaşa bilərəm. Əlbəttə, belə bir xoşbəxtlikdən adamın başı hərlənər.

– Bəs Dənizarxası və Dağarxası ölkələrə necə getmək olar? – Yum-Yumdan soruşdum. O cavab verdi:

– Sübh Şəfəqi körpüsündən keçməklə.

– Haradadır o körpü? – deyə maraqlandım.

– İndi görərsən, – Yum-Yum dedi. Doğrudan da, tezliklə körpünü gördüm. O elə nəhəng və uzun idi ki, deyərdin bəs ucu-bucağı yoxdur. Körpü günəşin işığında par-parparıldayırdı, elə bil qızılı günəş şüalarından düzəldilmişdi.

– Bu, dünyada ən böyük körpüdür, – Yum-Yum dedi. – O, Yaşıl Çəmənliklər adasını Dənizarxası ölkəylə birləşdirir. Amma gecələr kralın əmriylə onu qaldırırlar ki, biz Yaşıl Çəmənliklər adasında rahat yataq.

– Nə üçün? – soruşdum. – Gecə bizə kim hücum edə bilər ki?

– Cəngavər Kato!

O bu sözləri deyən kimi çöllərə soyuq gəldi, Miramis titrədi.

Cəngavər Kato haqqında birinci dəfəydi ki, eşidirdim, ucadan təkrar etdim:

– Cəngavər Kato!

Bunu demişdim ki, mənim də kürəyimdən gizilti keçdi.

– Qəddar cəngavər Kato, – Yum-Yum əlavə etdi.

Miramis həyəcanla kişnədi və biz susduq. Əlbəttə, çox istəyirdik ki, Sübh Şəfəqi körpüsündən keçək, amma atamdan icazə almamışdım axı. Buna görə də bağa qayıtdıq. Birinci səyahətimiz belə sona çatdı. Həmin gün Miramisi bir xeyli çimizdirdik, yalını daradıq, tumarladıq, Yum-Yumun anasının bizə verdiyi qəndə, çörəyə qonaq elədik.

Yum-Yumla bağda daxma düzəltmişdik. Bütün dadlı yeməkləri orada yeyirdik. Hər şeydən çox xoşumuza gələn şəkər tozu səpilmiş nazik kökələr idi. Kökə deyil, bal idi, bal. Benkanın anası da kökə bişirərdi, hərdənbir dadına baxırdım. Amma Yum-Yumun anasının bişirdiyi kökələr daha dadlı idi. Benka tez-tez mənə Vaksholmdakı bağ evində daxma düzəltməyindən danışırdı. Yaxşı olardı ki, ona yazıb Yum-Yumla düzəltdiyimiz daxmadan danışım. Yazardım ki, burada, Uzaq-uzaq ölkədə özümə elə gözəl daxma düzəltmişəm ki!

ULDUZLAR MUSİQİNİ XOŞLAYIRMI?

Ertəsi gün yenə ata minib Nonnonun yanına getdik. Əvvəlcə onu tapa bilmədik. Sonra təpənin dalından onun tütəyinin səsini eşitdik. Nonno otluqda oturub öz mahnısını çalırdı, qoyunları da sakit-sakit otlayırdı. Bizi görcək tütəyi dodaqlarından araladı, tüpürdü, gülərək dedi:

– Hə, bu da siz.

Gəlişimizə sevinirdi. Biz öz tütəklərimizi çıxardıq və üçümüz də çalmağa başladıq. Bizdə çox gözəl alınırdı, mən heç anlaya bilmirdim ki, belə gözəl tütək çalmağı haradan öyrənmişik.

– Heyif ki, bizim necə çaldığımızı heç kim eşitmir, – deyə ah çəkdim.

– Otlar bizə qulaq asır, – Nonno dedi. – Çiçəklər də, külək də. Ağaclar da bizi eşidir. Gör çayın üzərinə sallanan salxım söyüdlər necə sakit durub.

– Doğrudanmı, bu belədir? – soruşdum. – Bizim musiqi onların xoşuna gəlir?

– Çox xoşuna gəlir, – Nonno cavab verdi.

Biz hələ uzun müddət otlara, çiçəklərə, ağaclara, küləyə mahnı çaldıq. Mən yenə də heyifsilənirdim ki, adamlar bizi eşitmir. Onda Nonno təklif etdi:

– İstəyirsənsə, gedək bizə, nənəm üçün çalaq.

Bütün nağıllarda həmişə xeyirxah qocalar, qarılar olur. Mən hələ əsl canlı nənə görməmişdim. Dostumuz Nonnonun nənəsi ilə tanış olmaq mənimçün də maraqlıydı.

Quzuları, qoyunları, Miramisi də özümüzlə götürməli olduq. Bütöv bir karvan yarandı. Qabaqda Yum-Yum, Nonno və mən gedirdik, sonra qoyun-quzu, lap axırda da Miramis gəlirdi.

Biz tütək çala-çala təpələrdən, dərələrdən keçirdik. Bu şən səyahət, deyəsən, qoyun-quzunun xoşuna gəlmişdi, yolboyu hey mələşir, yan-yörəmizdə atılıb-düşürdülər.

Biz çox yol getdik. Nəhayət, Nonnonun evini gördük. Bu oyuncaq kimi bapbalaca daxma çiçəkləmiş jasmin və yasəmən kollarına qərq olmuşdu.

– S-s-s… – Nonno pıçıldadı. – Gəlin nənəni qorxudaq.

Nonno, Yum-Yum və mən pəncərənin qabağna düzüldük. Nonno komanda verdi:

– Bir, iki, üç!

Biz o dəqiqə şən-şən çalmağa, qoyun-quzu da oynaqlaşmağa başladı. Pəncərənin qabağında qoca, lap qoca bir nənə göründü. Bu, Nonnonun nənəsiydi. O əl çalıb ucadan dedi:

– Ay, nə gözəl musiqidir!

Bu nənə nağıllardakı nənələrə bənzəyirdi, amma əsl, canlı nənə idi.

Sonra biz daxmaya girdik. Nənə soruşdu ki, yemək istəyirikmi. Necə istəməyəydik, axı yolda bərk acmışdıq. Nənə çörək kömbəsi çıxardıb onu iri tikələrə böldü. Bu, qara çörək idi, amma mən ondan dadlısını yeməmişdim.

– Nə ləzzətlidir! – Nonnoya dedim. – Bu hara çörəyidir?

– Adi qara çörəkdir, – Nonno cavab verdi. – Gündəlik ruzidir, hər gün qarnımızı doydurur.

Miramis də bizimlə şam etməyin əleyhinə deyildi. O, başını pəncərədən içəri salıb astadan kişnəməyə başladı. Yaman gülüşdük, əcəb qiyamət oldu. Nənə isə əli ilə Miramisin ağzından tutub öz dadlı çörəyindən ona da verdi.

Sonra su içmək istədim, bunu Nonnoya dedim. O bizi bir bağa apardı, buradakı çeşmədən saf su axırdı. Nonno qədim badyanı bulağın gözünə tutdu və su götürüb bizə verdi. Ömrümdə belə sərin, dadlı su içməmişdim.

– Nə dadlıdır, – Nonnoya dedim. – Bu nə suyudur?

– Ən adi sudur, onunla hər gün susuzluğumuzu yatırırıq.

Miramis də içmək istədi, ona da su verdik, sonra isə qoyun-quzunu içizdirdik.

Nonnonun sürüsüylə birlikdə təpələrin arasındakı otlağa qayıtmaq vaxtı idi. Nənəsindən xahiş etdi ki, ona çoban bürüncəyi versin: gecələr qoyunlarla çöldə yatanda bu bürüncəyə bürünürdü. Nənəsi ona qəhvəyi rəngli bir bürüncək verdi. Xoşbəxt adamdır bu Nonno – çöldə təkcə gecələyə bilir. Mənə isə hələ belə xoşbəxtlik nəsib olmayıb. Benkayla valideynləri şəhər kənarına əsl turistlər kimi velosipedlə gedirdilər. Sakit bir meşə kənarında çadır qurur, yataq kisələrində gecələyirdilər. Benka inandırırdı ki, bundan yaxşısı yoxdur, mən də həvəslə inanırdım.

– Bəxtin gətirir, – dedim Nonnoya. – Gecə çöldə yata bilirsən.

– Sənə mane olan kimdir? – Nonno soruşdu. – Gedək mənimlə.

– Yox, – etiraz elədim. – Axşam evə qayıtmasam, atam narahat olar.

– Mən krala xəbər göndərərəm ki, sən çöldə gecələyəcəksən, – dostumuz Nonnonun nənəsi dedi.

– Mənim atama da, – Yum-Yum xahiş etdi.

– Yaxşı, bağbana da çatdıraram, – nənə razılaşdı.

Biz Yum-Yumla elə sevindik ki, qoyunlardan da betər atılıb-düşməyə başladıq.

Nənə bizə baxıb başını buladı:

– Şeh düşən kimi donacaqsınız. – Qəfil üzü tutuldu. – Məndə iki bürüncək də var.

O, daxmanın küncündəki köhnə sandığa tərəf gedib biri qırmızı, biri göy rəngli iki bürüncək çıxartdı.

– Qardaşlarımın bürüncəkləridir, – Nonno astadan dedi.

– Bəs qardaşların hanı? – soruşdum.

– Cəngavər Kato, – Nonno pıçıldadı. – Zalım cəngavər Kato onları əsir alıb.

Bu sözləri eşidən Miramis pəncərə arxasında elə kişnədi ki, elə bil kimsə onu vurmuşdu. Quzular qorxa-qorxa qoyunlara tərəf qaçışdı, qoyunlar isə yanıqlı səslə mələşdi, sanki axırları çatmışdı. Nənəm qırmızı bürüncəyi mənə, göyü Yum-Yuma verdi. Nonnoya çörək kömbəsi, bir səhəng bulaq suyu da verdi və biz yenə dərəli-təpəli yolumuza başladıq. Dostumuz Nonnonun qardaşlarının aqibəti məni məyus eləmişdi, amma yenə də gecəni çöldə keçirəcəyimə sevinirdim.

Biz təpənin ətəyində, salxım söyüdün şəffaf suya sarı əyildiyi yerdə dayandıq.

Böyük, isti bir tonqal qaladıq, dövrəsində oturub çörəkdən yedik, bulaq suyundan içdik.