скачать книгу бесплатно
Anasının məktubu ona çox əzab vermişdi. Ən əsası isə evlənmək məsələsi idi ki, onu özlüyündə çözmüşdü: nə qədər ki mən sağam, onlar heç vaxt evlənməyəcəklər!
O, məktubda yazılanları sözbəsöz xatırlayır, xatırladıqca əsəbindən dodaqları əsirdi. Yaxşı bilirdi ki, anası cənab Lujini niyə tərifləyir. Niyə “ilk baxışdan sərt görünə bilər, tələsik nəticə çıxarma” deyir. Açıq-aydın görünürdü ki, Dunya özünü qardaşına qurban edir və bu da anasına vicdan əzabı verir. Raskolnikovun hiddəti get-gedə artırdı. Cənab Lujin qarşısına çıxsa idi, öldürərdi. Birdən özünə gəlib dayandı. “Olmayacaq? Bunun üçün nə edəcəksən? Nə vəd edirsən onlara? Universiteti başa vurub, özünə qulluq tapıb bütün gələcəyini onlara həsr edəcəksənmi? Bəs indi? Elə indi, bu saat nəsə eləmək lazımdır. Bəs sən nə edirsən?” Birdən o öz-özünə dedi: “Axı mən hara gedirəm? Məktubu oxuyan kimi yola düşdüm. Hə, Vasilyevsk adasına, Razumixinin yanına…”
Razumixin onun tələbə yoldaşı idi. Raskolnikov tələbə vaxtı hamıdan kənar gəzər, heç kimlə yoldaşlıq etməzdi. Ancaq dərslərini oxuyardı deyə hamı ona hörmət edərdi. Nədənsə Razumixinlə uzlaşa bilmişdi. Razumixin hündür, arıq, qarasaçlı, gözəgəlimli, həm də şən, sadə, xoşxasiyyət oğlan idi. Çox kasıb idi. Orada-burada işləyib pul qazanardı. Maddi ehtiyac üzündən universitetdən çıxmağa məcbur olmuşdu.
Raskolnikov öz-özünə fikirləşdi: “Mən niyə indi Razumixinin yanına gedirəm? – Alnını ovuşdurdu: – Mən onun yanına o məsələdən sonra, səhəri gün gedəcəm… Ondan sonra? Məgər o, doğrudanmı, olacaq?!” Bütün bədəni əzgin idi, qəlbi təşviş içindəydi: “İlahi, doğrudanmı, mən onu öldürə bilərəm? Axı mən nə edirəm?” Ən yaxşısı evə getmək idi. Seno[2 - Seno meydanı – vaxtilə Sankt-Peterburqun bu meydanında quru ot (сено) satıldığı üçün XVIII əsrin sonlarından belə adlandırılır] meydanından fırlanıb evə gəldi. Saat doqquz olardı. “K” küçəsinin tinində bir meşşan arvadı ilə bərabər alver edirdi. Bir tanış gəldiyindən başları söhbətə qarışmışdı. Bu tanış həmin sələmçi qarı Alyona İvanovnanın bacısı Lizaveta İvanovna idi. Raskolnikov onu tanıyırdı, o da Raskolnikovu bir az tanıyırdı. Lizaveta hündürboy, kobud, yöndəmsiz, gicbəsər, itaətkar bir qız idi. O, kölə kimi bacısının itaətində idi. Otuz beş yaşlı bu qız əlində düyünçə meşşanla arvadının qabağında durmuşdu, onlar da qızğın-qızğın ona nəsə deyirdilər.
– Siz bu dəfə Alyona İvanovnaya heç nə deməyin. Bizim yanımıza gəlin, bu, əlverişli işdir.
– Nə vaxt gəlim?
– Sabah saat yeddidə. Onlardan da gələn olacaq, özünüz şəxsən həll edərsiniz.
– Yaxşı, gələrəm.
Raskolnikov bildi ki, sabah saat yeddidə qarının bacısı evdə olmayacaq. Meşşanla arvadının qızı nə üçün çağırdıqlarını sonralar bildi. Şəhərə gələn kasıblamış adamlar pal-paltar və cürbəcür şeylər satmaq üçün alverçi qadın axtarırdılar. Lizaveta da bu şeyləri satmağı müəyyən faizlə boynuna götürürdü.
Raskolnikov hələ qışda ilk dəfə Alyona İvanovnadan girov qoymaqla pul götürəndə eşitmişdi ki, çox haramzadə, kinli, murdar adamdır. Girovun vaxtını bircə gün gecikdirsən, qoyduğun girov batdı. Onu da eşitmişdi ki, onun Lizaveta adlı bacısı var. Murdar qarı tez-tez onu döyür. Eşitdiklərindən bildi ki, Lizaveta onun kiçik, həm də anadan ayrı bacısıdır. Gecə-gündüz onun üçün işlər, qarşısında tir-tir əsər, hətta bacısı onu döysə də, dözərdi. Sena meydanından gələn kimi özünü divanın üstünə yıxıb titrədə-titrədə yuxuya getdi.
Nastasya səhər saat onda onu zorla oyatdı. Çay və çörək gətirmişdi. Raskolnikov ayağa durub hərləndi, yenə divana yıxıldı.
– Yenə yatırsan? Azarlamısan, nədi?
Raskolnikov gözlərini yumdu.
Nastasya saat ikidə bir də gəldi. Bu dəfə isə şorba gətirmişdi. Raskolnikov hələ yatırdı. Çaya əlini də vurmamışdı.
– Niyə bu qədər yatırsan, dur ayağa!
Raskolnikov qalxıb oturdu. O susur, gözünü yerdən çəkmirdi.
– Yeyəcəksən, ya yox?
O, zəif, əsəbi halda:
– Sonra. Sən get, – dedi.
Raskolnikov şorbadan çox iştahsız üç-dörd qaşıq yedi. Sonra yenə divana uzanıb xəyala daldı. Birdən saatın zənginə diksinib gözlərini açdı. Pəncərədən baxıb saatın neçə olduğunu anladı. Bəlkə də, saat altı idi. Birdən o özünü itirmiş kimi bərk təşvişə düşdü.
Əslində, hazırlanmalı bir şey də yox idi. Köhnə köynəyini cırıb paltosunun sol tərəfinə qoltuğunun altına ilgək tikdi. Baltanı əlində apara bilməzdi, paltonun altında gizlətsə də, əllə tutmalı idi. İndisə baltanın baş tərəfini ilgəyə keçirəcəkdi. Sonra girov qoymaq üçün çoxdan hazırladığı əşyanı götürdü. Qaldı balta məsələsi, onu da ev sahibəsinin mətbəxindən götürəcəkdi. Nastasya çox vaxt bir yerə gedəndə mətbəxin qapısını açıq qoyurdu.
Raskolnikov mətbəxə çatanda gözucu baxıb gördü ki, Nastasya iş görür. Üzünü çevirib elə getdi ki, guya heç nə görməyib. O, darvazanın yanında, dalandarın qaranlıq daxmasının qabağında dayanıb fikrə getdi: “Belə bir fürsət əlimdən çıxdı…” Birdən diksindi. Daxmanın qapısı açıq idi. Daxma ilə arasında ikiaddımlıq yol var idi. Daxmada taxtın altında nəsə parıldadı. Pəncəsi üstündə içəri keçdi, baltanı taxtın altından çəkib götürdü, paltosuna tikdiyi ilgəyə keçirdi. Əllərini cibinə salıb daxmadan çıxdı.
O, darvazadan içəri keçəndə heç kimlə rastlaşmadı. Darvazadan sağa burulan kimi qarının mənzilinə qalxan pilləkən görünürdü. Pilləkəndə heç kim yox idi. Bütün qapılar bağlı idi. İkinci mərtəbədəki otağın qapısı açıq idi. Orada işləyən rəngsazlar onu görmədilər.
Bu da dördüncü mərtəbə. Onun nəfəsi təngidi. Bir anlıq düşündü ki, bəlkə, çıxıb getsin? Sonra qulaq asdı ki, görsün qarının mənzilindən səs gəlirmi? İçəridə sakitlik idi. Pilləkəndən aşağı boylandı. Ürəyi daha da şiddətlə döyündü. Zəngin düyməsini basdı.
V
Qapı həmişəki kimi azca aralandı, qaranlıqdan kəskin və şübhəli baxışlar ona zilləndi. Raskolnikov özünü itirdi:
– Alyona İvanovna, xoş gördük, – nə qədər sərbəst olmaq istəsə də, səsi titrədi, – sizə bir şey gətirmişəm… yaxşısı budur, gedək ora… işığa… – bunu deyib dəvət gözləmədən özünü içəri saldı.
Qarı onun dalınca yüyürdü.
– Pərvərdigara! Axı nə istəyirsiniz? Kimsiniz?
– Alyona İvanovna, sizin tanışınızam. Raskolnikov, girov gətirmişəm. Demişdim sizə… – bunu deyib girovu ona uzatdı.
Əvvəl girova, sonra acıq və şübhə ilə oğlana baxdı. Raskolnikov bu baxışların altında elə sıxıldı ki, az qalmışdı başını götürüb qaçsın. Birdən acıqlı-acıqlı dedi:
– Niyə elə baxırsınız? Guya tanımırsınız?
Qarı özünə gəldi:
– Atam, bu nədir?
– Papiros qabı, gümüşdür.
– Rənginiz niyə qaçıb? Əlləriniz də əsir.
– Titrətmədir, acındandır.
Qarı girovu alıb ağırlığına baxıb dedi:
– Bu heç gümüşə oxşamır axı.
O, pəncərəyə sarı çevrilib bağlamanı açmağa çalışdı. Bu zaman onun arxası Raskolnikova tərəf idi. Raskolnikov əllərinin keyidiyini hiss edirdi. Başı gicəlləndi. Paltosunun düymələrini açıb baltanı ilgəkdən çıxardı. Bircə an da gecikmək olmazdı…
Raskolnikov yerə yıxılmış qarının cibinə əlini salıb açarı çıxardı. Açarlar yenə hamısı bir yerdə polad halqaya keçirilmişdi. Açarları götürüb dərhal yataq otağına keçdi. Şüuru yerində idi, başı gicəllənmirdi, ancaq əlləri hələ də əsirdi.
Komod balaca yataq otağında divarın qabağına qoyulmuşdu. O, açarı komoda salanda açarların cingiltisindən diksindi. Bədəni sanki qıc oldu. Birdən ona elə gəldi ki, qarı sağdır. Meyit olan yerə cumdu. Əyilib yerə sərilmiş qarıya diqqətlə baxanda qarının boynundakı qaytanı gördü. Səbirsiz halda baltanı götürüb qaytanı birtəhər kəsdi. Qaytana pul kisəsi tikilmişdi. Kisə ağzınacan dolu idi.
O tələsirdi. Açarları götürüb yenə komodu açmaq istədi. Açarlar komodun kilidinə girmirdi. Birdən onun yadına düşdü ki, xırda açarların yanındakı diş-diş açar komodun yox, sandığın açarıdır. O, dərhal əyilib çarpayının altına baxdı. Oradakı uzunluğu bir arşından çox olan sandığı çəkib çıxardı. Diş-diş açar sandığa düşdü. Sandığı eşəndə qadın paltarlarının altından qızıl saat çıxdı. Raskolnikov bütün əşyaları alt-üst etməyə başladı. Paltarların arasından çoxlu qızıl əşya çıxdı. O, ləngimədən bunları ciblərinə doldurdu. Ancaq çox şey götürə bilmədi.
Birdən ona elə gəldi ki, o biri otaqda kimsə gəzinir, hətta zəif bir çığırtı da eşitdi. Sanki kimsə qırıq-qırıq inildəyib susdu. Raskolnikov güclə nəfəs alırdı. Birdən yerindən qalxdı, baltanı götürüb yan otağa cumdu.
Lizaveta əlində böyük bir bağlama otağın ortasında durub öldürülmüş bacısına baxırdı. O, donub-qalmış, rəngi ağarmışdı. Raskolnikovu görəndə əsməyə başladı, yavaş-yavaş geri çəkilib divara söykəndi. Balaca uşaqlar kimi dodaqlarını büzdü, lakin səsini çıxarmadı. Bir əlini onu özündən uzaqlaşdırırmış kimi irəli uzatdı. Ancaq gec idi…
Bu ikinci ölümdən sonra qorxu onu daha artıq bürüdü. O, indi nəinki sandığa, heç otağa sarı da getmədi.
Baltanı mətbəxdə içində yarıya qədər su olan vedrəyə salıb yudu. Baltanın ağzını mətbəxdən çəkilmiş ipə sərilən paltara silib yenə paltosunun içindəki ilgəyə taxdı. Diqqətlə paltosuna, şalvarına, uzunboğaz çəkmələrinə baxdı. Otağın ortasında durub düşünürdü: “Aman Allah, qaçmaq lazımdır!” Dəhlizə cumdu. Qapıdan çıxanda dəhşətə gəldi. Dəhlizdən pilləkənə çıxan bayır qapı açıq qalıbmış. Əlbəttə, Lizaveta oradan keçmişdi, divarı yarmamışdı ki.
Raskolnikov ayağını pilləkənə qoymuşdu ki, ayaq səsləri eşidildi. Səs getdikcə yaxınlaşırdı. Adam dördüncü mərtəbəyə qalxmağa başlayanda o, cəld içəri keçib cəftəni vurdu. Adam qapıya çatıb zəngi çaldı. Dayanıb bir az gözlədi. Birdən səbri tükəndi. Var gücü ilə qapının dəstəyindən tutub dartmağa başladı. Qapını elə bərk dartırdı ki, cəftə az qalırdı yerindən çıxsın. Raskolnikov cəftənin atılıb-düşməsinə dəhşətlə baxır, açılacağını küt bir ağrı ilə izləyirdi. Başı yenə hərlənməyə başladı. Adam dayanmadan zəngi çalırdı. Elə bu an başqa adamın ayaq səsləri eşidildi. O, qapıya çatıb soruşdu:
– Salam, Kox. Heç kim yoxdu?
Səsindən cavan adama oxşayırdı.
– Əşi, az qalmışdı qapını sındırım.
– Mən də pul almaq istəyirdim.
– Kaftar özü vaxt təyin edib, özü də evdə yoxdu.
– Dalandardan soruşaq, görək hara gedib.
– Axı həmişə evdə olur.
Birdən cavan oğlan dedi:
– Dayanın, axı qapı kilidlənməyib, içəridən cəftələnib. Deməli, evdə kimsə var.
– Baho, doğrudan. Bəs niyə qapını açmırlar? – Kox dedi.
– Siz burada qalın, mən dalandarı çağırım.
Kox qapının dalında dayandı. Raskolnikov sanki dəhşətli yuxu görürdü. Vaxt keçirdi. Kox öz-özünə:
– Gəlib çıxmadı ki… – deyib tələsə-tələsə aşağı endi. Ayaq səsləri kəsilən kimi Raskolnikov qapını açıb çıxdı. Qapını kip örtüb aşağı cumdu. Üç pilləkən düşmüşdü ki, aşağıda səs-küy qopdu. Aşağı mənzillərdən birindən kimsə çığıra-çığıra aşağı qaçdı.
– Mitka, Mitka! Lənətə gələsən!
Sakitlik çökdü. Elə bu vaxt bir neçə nəfər bərkdən və tez-tez danışa-danışa yuxarı qalxmağa başladı. Raskolnikov bir neçə pilləkən aşağıda ikinci mərtəbədəki rəngsazlar işləyən mənzili gördü. Qapı taybatay açıq idi. Döşəmə təzə rənglənmişdi. Raskolnikov özünü içəri salıb qapının dalında gizləndi. Onlar açıq qapının qabağından keçib yuxarı qalxdılar. Raskolnikov pəncəsi üstə qalxıb aşağı yüyürdü. Aşağıda heç kim yox idi! Darvazada da! O artıq xilas olmuşdu. Dolanbac yolla evə gəldi. İş yaxşı gətirdi. Dalandar yenə orada yox idi. Baltanı götürdüyü yerə qoydu.
Otağına girib bayğın halda divanın üstünə yıxıldı…
İKİNCİ HİSSƏ
I
Yerindən qalxmağa halı yox idi. Ayılıb divanın üstündə oturdu. Birdən bütün olanlar yadına düşdü. Az qala dəli olacaqdı. Ayağa qalxıb üst-başını yoxladı. Pal-paltarına diqqətlə baxdı ki, görsün qan ləkəsi varmı. Şalvarına baxanda gördü ki, didilib saçaq-saçaq sallanan ətəyi qana bulaşıb. Bıçağı götürüb saçaqları kəsdi. Paltosunun içinə tikdiyi ilgəyi söküb parçaladı. Pul kisəsini və sandıqdan çıxardığı şeyləri aparıb küncdə qopub sallanmış divar kağızının altına təpdi.
Əldən düşmüşdü, şiddətli üşütmə bədənini sarmışdı. Huş onu apardı. Nastasya çığıra-çığıra qapını yumruqlayanda oyandı:
– Aç qapını, ölmüsən, nədir?!
Sonra dalandarın səsi eşidildi:
– Bəlkə, evdə yoxdur.
– Bəs cəftəni içəridən kim vurub?
Tez qalxıb oturdu. Otaq elə balaca idi ki, heç yerindən qalxmadan əlini uzadıb cəftəni açdı. Dalandar ikiqat bükülmüş kağızı ona uzatdı:
– Çağırış vərəqəsidir, polis idarəsinə çağırıblar.
Dalandar getdi.
Nastasya dalandarın dalınca çıxdı.
Raskolnikov şinelini tələsik geyinib çıxdı. Pilləkəndə yadına düşdü ki, şeylərin hamısı divar kağızının altında qaldı. Düşündü ki, məni idarəyə çağırıb sonra gəlib evi axtaracaqlar. Ancaq geri dönmədi. Əlini yelləyib yoluna davam etdi.
Polis idarəsinə çatanda düşündü: “İçəri girib diz çökəcəyəm, açıb hamısını deyəcəyəm”.
…Nəhayət, məhəllə polis nəzarətçisinin köməkçisi olan poruçik gəldi. O, çəp-çəp, bir az da nifrətlə Raskolnikova baxdı.
– Nə istəyirsən? – deyə zabit çığırdı.
Raskolnikov birtəhər:
– Çağırış vərəqəsi üzrə…
Kargüzar qabağındakı kağızlardan ayrılaraq:
– Tələbədən pul tələb olunur, ona görə çağırılıb.
Polis Raskolnikovun qabağına bir dəftər atdı:
– Oxuyun. Sizdən şikayət gəlib. Pul vermirsiniz! Aleksandr Qriqoryeviç, göstərin ona.
Raskolnikov oxuduğundan heç nə başa düşmədi. Kargüzardan soruşdu:
– Bu nədir?
– Sizdən verdiyiniz iltizamnamə üzrə yüz on beş manat pul tələb olunur. Doqquz ay əvvəl dul qadın Zarnitsinaya verdiyiniz iltizamnamə indi saray müşaviri Çebarova çatmışdır.
– Axı o, yaşadığım mənzilin sahibəsidir.
– Nə olsun?
O, ayaq üstə durub əlindəki kağızı gah oxuyur, gah da qulaq asır, cavab verirdi.
Poruçik içəri yenicə daxil olan məhəllə nəzarətçisi Nikodim Fomiçə üzünü tutdu:
– Əşi, belə şey olar?!
– Nə olub, İlya Petroviç? – deyə kargüzar poruçikə müraciət etdi.
– Daha nə olacaq?! Budur, bax, bu cənab tələbə, yəni sabiq tələbə borcunu ödəmir, otaqdan çıxmır, həmişə ondan şikayət gəlir. Hələ bir bunun üst-başına, geyiminə baxın.
– Dostum, kasıblıq ayıb deyil, – deyə Nikodim Fomiç dedi.
Birdən Raskolnikov Nikodim Fomiçə sarı dönərək dedi:
– Kapitan, lütfən, mənim vəziyyətimi nəzərə alın. Kasıb, xəstə tələbəyəm, kasıblıq məni cana gətirib. Ancaq daha oxumuram, çünki dolana bilmirəm. “N” quberniyasında anam, bacım var. Mənə pul göndərəcəklər, borcumu verəcəm.
– Bu axı bizim işimiz deyi, – kargüzar dedi.