скачать книгу бесплатно
Hüseyn Cavid haqqında xatirələr
Mişkinaz Cavid
Turan Cavid
Xatirə ədəbiyyatı #8
Kitabda böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ailə üzvlərinin – həyat yoldaşının və qızının Cavid haqqındakı xatirələri toplanıb. Bu xatirələr şairin acı taleyinin ağır anlarını bir daha yaşamaqla yanaşı oxucuya, böyük sənətkarın irsinin əbədiliyinə inam hisslərini aşılayır.
Mişkinaz Cavid, Turan Cavid
Hüseyn Cavid haqqında xatirələr
«Xatirə Ədəbiyyatı» silsiləsindən 8-ci kitab
© Mişkinaz Cavid / Turan Cavid / Hüseyn Cavid haqqında xatirələr
© "XAN" nəşriyyatı / Bakı / 2020 / 120 səh.
Üz qabığının dizayneri / Teymur Fərzi
* * *
Hüseyn Cavid
İblis nədir? Cümlə xəyanətlərə bais! Ya hər kəsə xain olan insan nədir? İblis!
Həyat və yaradıcılığın bütövləşməsi
Təkcə dövrünün yox, məhəlləsinin yox, regionunun yox bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair və yazıçılarımızı misal çəkə bilərik.
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda parlar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa və ümumilikdə bəşəriyyətə xidmət edərsə, o zaman bütün maneələri asanlıqla dəf edər və zirvədə görünər. Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tolstoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahilərin yaradıcılığını misal çəkmək olar.
Hüseyn Cavid (1882–1941) XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan istifadə edən sənətkar Azərbaycan romantizminin banilərindəndir. Onun "İblis", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur", "Xəyyam", "Səyavuş" kimi pyesləri dünya ədəbiyyatının incilərindəndir.
Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən H.Cavid əsas qayəsi, ideyası kimi humanizm, insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələrinə sevdirməyi bacaran bir sənətkardır.
* * *
Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun səmadan yerə enişi və batışı olmadı. O, sonməz bir fikir işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin fəlsəfi fikirləri və bəşəriliyi ilə Nizami Gəncəvidən sonra Türk, o cümlədən Azərbaycan ədəbiyyatında parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min illər insanlığın qəlbində, düşüncəsində, yaşayışında daşlaşmış ehkamları bəzən incə, bəzən isə sərt şəkildə qaşıdı, dağıtdı.
Cavidin yaradıcılığı romantik ideyalar üstündə qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik ki, Cavid yaradıcılığında reallıq romantik şəkildə elə düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt realizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qayğılarından bəhs edən "Ana" nı, "Uçurum" u, istər yerlə göyün vəhdətini ifadə edən "Şeyx Sənan" ı, istər insan, mələk, tanrı kimi fəlsəfi məsələlərini özündə əks etdirən "İblis" i, "Peyğəmbər" i, "İblisin intiqamı"nı, istərsə də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu "Topal Teymur", "Xəyyam", "Səyavuş" kimi əsərlərində oxuduğumuz və rastlaşdığımız həqiqətlərdən utanmır, əksinə dərs alır və bəzən də qürurlanırıq. Bu Cavid həqiqətidir, bu Cavid fəlsəfəsidir, bu Cavid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və qürurla qucaqlaşmış, bütövləşmiş halı…
Cavid yaradıcılığı və şəxsiyyəti ilə bir bütöv, bir tamdır. Onun yaradıcılığının qayəsinin ana xəttini təşkil edən insanlıq, mərdlik, alilik, bəşərilik, humanistlik, dəyişməz əqidə, möhkəm xarakter eynilə şəxsiyyətində də özünü göstərir. Yazdıqları ilə yaşam tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Cavid məhz bu cür bütöv şəxsiyyətə malik sənətkarlardandır.
Cavid Birinci Dünya Müharibəsini, Oktyabr inqilabını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxılmasını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər represiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik ictimai şəraitlərin şahidi olub, yaşayıb, amma bu hadisələrdən 100 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv və şərəfli qiymət almaq yalnız dahilərə məxsusdur. Çünki Cavid tarixə birmənalı şəxsiyyət kimi düşdü. Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailəsində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımlara, nə də böyük partlayışlara gözü qamaşmamış özünün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə yaşayan bir dühadır.
Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı və bulduğu həqiqətdən bir anda olsun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə qalxan, "Peyğəmbər" kimi tökülən qanların qarşısını almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub dünyanı ədalətsizlikdən xilas etmək arzusunda olan, Siyavuş və Azər kimi Odla suyun qovuşduğu torpaqdan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsinə, ləkələnməsinə baxmayaraq öz paklığı və idraki ilə mübarizə aparan olduğunu görmüş olarıq. Cavid sanki yaradıcılığında da öz taleyini yazmışdır.
Bu qədər böyük bir şəxsiyyətin nə qədər sadə və səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Mişkinaz xanım və qızı Turan xanımın xatirələrinə göz gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin yanında olanların bir gündən sonra yoxa çıxmasını, ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına qədər əzablı bir yol keçməsini, Cavidli və Cavidsiz günlərini yaşayan cavidlər ailəsinin keşməkeşli həyat tərzini oxuculara bir daha çatdırmaq üçün Mişkinaz xanımın 1973- cü ildə qələmə aldığı "Cavid haqqında xatirimdə qalanlar” və Cavid sevdalı, Turan aşiqi Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xanımla 9 yanvar 2004-cü ildə etdiyi xatirə söhbətini yenidən nəşr etdirməyi düşündük.
Cavid haqqında xatirələr nəinki gəncliyimiz, hər kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İstər Mişkinaz xanımın, istərsə də, Turan xanımın xatirələrini oxuduqda bu ailənin böyüklüyünü bir daha görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar görmələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri heç bir ad çəkmir, konkret olaraq kimlərsə günahlandırılmır.
"XAN" nəşriyyatının "Xatirə ədəbiyyatı" silsiləsindən VIII kitabı olaraq çap ediləcək bu xatirələrin kitabsevərlərin, Cavid sevərlərin ürəyincə olacağına da əminik.
ŞƏMİL SADİQ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz Cavid
I hissə
Cavid haqqinda xatirimdə qalanlar
Mişkinaz xanımın xatirələri
Mən Cavidin bacısı qızı[1 - Cavidin bacısı Ümmi Səlimə, onun qızları Rübabə və Səltənət nəzərdə tutulur.] ilə yaxın rəfiqə idim. Həm də qonşu idik. Cavidin bacısı həmişə öz ürəyində deyirmiş ki, kaş Hüseyn gələydi, Mişkinazı ona alaydım.
O zaman Cavid Bakıda müəllimlik edirmiş. Cavid elə bu vaxt kitablarından bir neçəsini çapa veribmiş. Fikrində tutubmuş ki, kitablar çapdan çıxar, ev-eşik düzəldib sonra da evlənərəm. Sən saydığın qoy dursun, gör fələk nə sayır. Cavid bu fikirdəykən Bakını od-alov içində görür. Mətbəəni yandırırlar…
1918-ci ilin martında olurmuş Təbriz mehmanxanasında. İndiki Sabir bağından bir az aşağı tərəfdə beş-on başıboş erməninin sərəncamı ilə günahsız insanları vəhşicəsinə qırır- mışlar. Bu vaxt mehmanxananı mühasirəyə alırlar. 70 nəfərdən ibarət olan sakinlərini əsir edirlər. Əsirləri indiki opera və balet teatrına[2 - O zaman Mayılov teatrı] aparırlar.
Cavid özü belə nəql edirdi:
– Ermənilər içəri girəndə mən dəftərlərimi, paltomu və bir düzüm bublikim vardı, onu da götürdüm. Oradakılardan biri:
– Sağ qalmağa ümidin varmı? – dedi.
– Çıxmayan cana ümid çoxdu, – dedim.
Yolun hər ayrıcında bizi aparanlar çəkilirdilər kənara və əsirləri atəşə tuturdular.
Bizi aparanlardan biri hər dəfə məni də özü ilə bərabər çəkirdi kənara. Birisi isə qabağa itələyirdi. Elə bu vaxt məni qabağa itələyən adama güllə dəydi. O biri isə deyirdi: "Gərək bu işi başlayanlar öləydilər".
70 nəfərdən qaldıq 10 nəfər, hamısını yolda qırdılar…
Heç kəsin yadına yemək düşmürdü. Gətirdiyim bublikləri Seyid Hüseynə verib:
– Elə et ki, bir neçə günə çatsın, – dedim.
Bir həftədən sonra bizi azad etdilər.
Çıxdım. Ev yox, pul yox. Nə edim? Saatımı verdim bir nəfərə, dedim ki:
– Əgər pulunu qaytarsam, verərsən, qaytara bilməsəm, saat sənin olsun.
O pul ilə birtəhər gəlib çıxdım Naxçıvana.
…Bacısı illər uzunu ürəyində gizli saxladığı arzusunu Cavidə bildirir. Nə qədər tərifləyir, nə qədər yalvarırsa razı sala bilmir ki, bilmir. Cavid şərt kəsir:
– Gərək özüm görəm, görməsəm "hə" deyə bilmərəm.
Böyük qardaşının arvadı deyir:
– Mişkinazı çağırım gəlsin bizə, deyim, gəlsin, mənim tikiş maşınıma baxsın. Sən də onu orda görərsən.
Müsahibim olmadığı üçün onlara yaxın get-gəlim yoxdu. Bir gün qardaşı arvadı bizə gəldi. Anama:
– Maşınım yaxşı tikmir, olarmı Mişkinaz bizə gedib maşına baxsın?
Getdim. Böyük bir evdi. Yarı hissəsindən o yana iki dənə böyük sandıq qoyub üstünə yük yığmışdılar. Cavid də oturub yükün arxasında. Məni də üzü yükə tərəf oturtdular. Demə işıq dal tərəfdən düşdüyü üçün məni yaxşı görə bilmir, ona görə də razılıq vermir. Bir-neçə gün götür-qoy edirlər. Axırda o qərara gəlirlər ki, məni bu dəfə də bacısıgilə çağırsınlar.
…İçəri girəndə gördüm, samovarı qoyub, dairəvi oturub çay içirlər. Məni təyin olunmuş yerdə oturtdular. Sən demə, Cavid də o biri evdə qapının arasından baxırmış.
Razılıq verir. 1918-ci ildə evləndik.
Mən savadsız idim.[3 - Mişkinaz xanım kiçik yaşlarında beş ay Naxçıvandakı qız məktəbində təhsil alıb, sonra qohumlarının təkidi ilə məktəbdən çıxarılıb.] Oxumaq, savad almaq çoxdankı arzum idi.
Gələndən bir neçə gün sonra, Cavid mənə dərs verməyə başladı. Özü də məktəbdə müəllimlik edirdi. Bir neçə aydan sonra onu maarif idarəsi tərəfindən Bakıya göndərdilər. Oradan böyük qardaşına məktub yazır: "Münasib bir adamla Mişkinazı göndər".
Cavidin kiçik qardaşı ilə, onun ailəsi də bizimlə bir yerdə, Bakıya gəldik. Necə gəldik? Naxçıvandan Tiflisə dörd-beş günə çatdıq. O zaman yol oradan idi. İndiki təzə yol yox idi. İllərin ağır vaxtlarıydı. Qatar gündüzlər gedir, gecələr dayanırdı. Üç günlük yolu bir həftəyə gəlib çıxdıq Bakıya. Kiçicik bir ev kirələdik. Evdə heç bir şey yoxdu. O çətinliklə ki, biz gəlmişdik, evə dair heç bir şey gətirə bilməmişdik… Cavid orta məktəbdə dərs deyirdi. Axır vaxtlar isə dərsi çox azaldı, vəziyyətimiz günü-gündən ağırlaşdı.
Bir dəfə evdə oturmuşdum. Gəlib gördü ki, bikefəm. Dedi:
– Bax, əsl qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Buna bir şeir yazmaq lazımdı.
– Canın sağ olsun. Həmişə belə olmayacaq ki…
"Qaçqın" şeirini o vaxt yazmışdı.
Maarif idarəsi tərəfindən guya nəzərə alaraq ona qız məktəbində əlavə dərs verdilər. Molla oğluydu deyə, şəriət müəllimi təyin etdilər. Buna çox əsəbiləşdi. Ona baxmayaaq, dərs deməyə getdi. Getməmək mümkün deyildi. Heç yerdən bir gəlir yox idi…
Cavid deyirdi:
– Sinifə girdim. Dedim, qızlar. Məni sizə şəriət dərsi demək üçün molla göndəriblər. Ancaq mən molla deyiləm.
Qızlardan biri:
– Yox, biz istərdik ki, siz bizə ədəbiyyatdan dərs verəsiniz, – dedi.
– Mən də o fikirdəyəm, – dedim.
Bir neçə gün belə dərs dedim…
Bir gün müdir məni çağırdı:
– Cavid əfəndi, bu necə dərs verməkdi?
– Mənim şəriət dərsim budu.
O gündən dərs kəsildi.
* * *
1920-ci ildə xəstələndim.
Bir gün kitablarından bir neçəsini ayırdı. Soruşdum:
– Onları neynirsən?
– Bir nəfər istəyib, ona verəcəm, – dedi.
Kitabları götürüb getdi. Bir neçə saatdan sonra gəldi. Mənim dərmanımı, qənd, çay, çörək, ət alıb gətirdi. Onda bildim ki, kitabları satdırıb. Çünki pulu olmadığını bilirdim. Amma çox fikirliydi. Çünki hər kitabı bir neçə dəfə əlinə alıb yerə qoyurdu. Ağladım. Məni ağlayan görüb:
– Adam dar gündə dözümlü olar. Həmişə belə olmayacaq ki, – dedi.
– Sən darıxdığın üçün ağladım…
– Keçib gedər, darıxma. Dar günün ömrü az, acısı çox olar.
Amma özü daha çox qəmgin idi.
Bir azdan uşaq da xəstələndi. Ağ yun parçadan kostyumu vardı. Onu istədi:
– Verim, satsınlar… Ancaq daha ağlamayasan.
– Yox, daha ağlamaram. Uşaq xəstədi. Ona xüsusi yemək, dərman lazımdı.
Uşağın biri öldü.[4 - Cavid Əfəndinin 1921-ci ilin 23 avqustunda doğulmuş qızı Tumrus (Tomris) ongünlük körpəykən vəfat edib.] Belə ağır bir vəziyyətdə Cavid üçün işləmək çox çətin idi. O ərəfədə yazdığı bir əsərini cırıb atdı:
– Belə bir ovqatda yazılan əsər heç nəyə yaramaz, – dedi.
Xeyli əziyyətlərdən sonra onu Darülmüəlliminə müəllim təyin etdilər. Get-gedə vəziyyət dəyişdi.
Cavid sənətini çox sevirdi. Bir əsərinin üzünü dönə-dönə köçürərdi. Özü istədiyi kimi tamam hazır olmayınca üzə çıxarmazdı. Əl yazısı nə qədər qatmaqarışıq olurdusa, üzünü köçürəndə o qədər təmiz, o qədər səliqəli olardı ki, elə bil çapdan çıxıb. Dəftərin üstünə suçəkən kağız qoyardı ki, ləkə düşməsin. Əksərən gecələr işlər, gündüzlər üzünü köçürərdi… Yazı masası o biri evə keçən qapının yanındaydı. Evin quruluşunu dəyişmək mümkün deyildi. Ona görə də işlədiyi vaxt çox gir-çıx etməzdim. Uşaqları ona mane olmağa, səs salmağa qoymazdım. Bir gecə uşaqlar yatmışdılar, mən də oturub kitab oxuyurdum. Bir az sonra durub o biri evə keçmək istədim. Baxıb gördüm elə məşğuldu ki, keçmək mümkün deyil. Nə qədər yavaş keçsəm yenə fikri dağılacaq… Əl hərəkətləri ilə kiminləsə danışırmış kimi hərəkətlər edirdi. Qayıdıb yerimdə oturdum. Kitabın vərəqini çevirməyə də ehtiyat edirdim ki, birdən fikri dağılar. Bir xeyli sonra ayağa qalxdı. Gördü ki, oturmuşam. Soruşdu:
– Sən yuxusuz qaldın, niyə gedib yatmadın?
– Qıymadım. Sənin fikrini dağıtmaq istəmədim.
– Bu gecə çox yaxşı işlədim. Onun da səbəbi sən oldun. Sənə qurban olum, sən olmasan mən ölərəm.
Həmişə belə deyərdi. Hər gün nahardan sonra bir-iki saat yatardı. İşləməyə başlamazdan əvvəl arada bir fincan tünd qəhvə içərdi, ayaqlarını isti suya qoymağı çox sevərdi. Özünün xəbəri olmadan hazır edərdim, əziyyət olmasın deyə, razı olmazdı. O gün də belə etmişdim. Həmişə çalışardım ki, o rahat olsun. İşləyən vaxt heç kim ona mane olmasın.
Çox əsəbiydi. Deyərdi ki, sənin iki yox, üç uşağın var, – özünə işarə edərdi, – biri lap cəncəl, nadincdi. Bir qonaqlığa, ya bir toya gedəndə deyərdi:
– Gec gedib, tez gələk. Adam da dörd-beş saat bir yerdə otura bilər?
Amma işlədiyi vaxt nəinki üç-dörd saat, ondan da çox oturduğu vaxtlar olurdu.
İstirahətə və sağlamlığa fikir verərdi. Deyərdi: