banner banner banner
Dəniz kənarı ilə qaçan alabaş
Dəniz kənarı ilə qaçan alabaş
Оценить:
Рейтинг: 0

Полная версия:

Dəniz kənarı ilə qaçan alabaş

скачать книгу бесплатно


– Hə, qarnındakı gözlər pis deyil.

Tərifdən xoşallanmış Kirisk özlüyündə Alabaşın yerini müəyyən etməyə davam edirdi. O, Alabaşı gö-zünün önünə gətirərək onu əhatə edən başqa kiçik dağlar haqqında fikirləşməyə bilmir və qeyri-ixtiyari olaraq evlərini yadına salırdı. Onun gözünün qabağına sahil boyu uzanan dağlar arasında balaca bir vadi gəlirdi. Meşə kənarındakı o vadidə isə çayın sahilində yerləşmiş köçəri düşərgəsindən səslər gəlirdi, tonqalların tüstüsü havaya qalxırdı. Anası ilə bacısı Psulk da or-daydı. Anası, yəqin ki, onun, atasının və dənizdə olan ovçuların hamısının fikrini çəkir. Amma qorxur ki, cinlər onun fikirlərini başa düşərlər, onun qorxduğundan agah olarlar. Onun haqqında fikirləşən başqa bir adam varsa da, bu, şübhəsiz, Muzlukdur. Muzluk, ola bilsin ki, indi Psulkun yanına oynamağa gəlib.

Qayıq dalğalara ehmalca baş vura-vura öz qaydasınca üzürdü. Nivxlər günortadan sonra birinci adacıq olan Kiçik Əmcəyə çatmağı və orada ova başlamağı nəzərdə tutmuşdular. Sonra onlar qaranlıq çökməmiş ikinci adacığa – Orta Əmcəyə üzməli və sahilində qayığı saxlamaq üçün əlverişli yer olduğuna görə elə orada gecələməli idilər. Səhər tezdən isə yenə də dənizə çıxmalı, birdəfəyə üç iri nerpa tuta bilsələr, yubanmadan geriyə istiqamətlənməli idilər. Aydındır ki, dənizi nə qədər tez tərk etsən, bir o qədər yaxşıdır. Qoca Orqan bütün bunları nəzərə almışdı. Onun köməkçiləri – Əmrayin və Mılğun da Üçəmcəyə birinci dəfə getmirdilər. Özləri hər şeyi əla bilirdilər.

Qoca Orqan dəniz səfərlərinə yalnız ehtiyac üzündən deyil, həm də dəniz onu hər zaman özünə çəkdiyi üçün çıxırdı. Dənizin ənginlikləri qocanı dərin xəyallara daldırırdı. Dənizdə heç nə ona öz aləminə qapılmağa mane olmurdu. Quruda gündəlik qayğılar arasında fikirləşməyə vaxt tapmadığı hər şey haqqında dənizdə yaxşı-yaxşı düşünməyə imkan var idi. Burada heç nə Orqanı böyük düşüncələrdən yayındırmırdı. Burada o özünü dənizə və səmaya yaxın hiss edirdi.

O anlayırdı ki, sonsuz dənizlə müqayisədə qayıqda olan insan heç nədir. Lakin insan düşünür, özü də bununla dəniz və səma böyüklüyü kəsb edir, bununla da, əbədi fəlakətlər müqabilində özünü təsdiq edir; bununla da, o, dünyaların dərinliyi və ucalığı fövqündə dayanır. Elə buna görə də nə qədər ki insan sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, çünki onun düşüncəsinin həddi-hüdudu yoxdur. O öləndən sonra isə davamını bir başqası düşünəcək, ondan sonra daha bir başqası və bu beləcə davam edəcək.

O başa düşürdü ki, ölüm labüddür. Bilirdi ki, ölümlə hər şey bitəcək. Bununla belə, inanırdı ki, qəlbindəki ən əziz şey – Balıq-qadın haqqındakı ülvi yuxuları ölümündən sonra da onunla birlikdə qalacaq. O öz yuxularını başqasına verə bilməzdi, yuxular verilmir və buna görə də belə hesab edirdi ki, onlar izsiz olaraq yoxa çıxa bilməz… Ulu Balıq-qadın ölməzdir, deməli, onun haqqında olan yuxular da ölməz olmalıdır.

O, dənizdə ikən bu barədə tez-tez düşünərdi. Xeyli susardı, yol yoldaşları ilə heç bir söhbətə qoşulmayaraq öz aləminə qapılardı. O, dənizə baxa-baxa kiməsə müraciətlə yalnız bir şeyi xahiş edərdi: Ulu Balıq-qadın haqqında yuxuları onunla qalsın. Sonra da Balıq-qadınla bağlı yuxularını bir-bir xatırlayardı…

…Çox qədim zamanlarda Alabaş qayasına yaxın olan sahil boyunda üç qardaş yaşayırdı. Böyük qardaş əldən iti idi, hər şeyə vaxt tapırdı, çox səriştəliydi, hər işdə uğur qazanırdı. Bir gün o, maralçı qızına evləndi, maral naxırlarının sahibi oldu və tundraya köçüb getdi. Elə o gedən oldu. Kiçik qardaş ləpirçi və mahir atıcı idi. O, meşə adamlarının qəbiləsindən bir qız aldı, tayqaya çıxıb getdi və bir daha qayıtmadı. Ortancıl qardaş isə anadangəlmə çolaq idi. Yazığın bəxti gətirməmişdi, səhər erkən durar, gec yatardı, amma nə xeyri?! Bu vəziyyətdə o, ov edə bilmirdi. Mahalda heç kim qızını ona ərə vermək istəmədi, qardaşlar onu atıb getdilər və o, mavi dənizin sahilindəcə tək-tənha qaldı. O özünü balıq tutmaqla birtəhər dolandırırdı.

Bir gün bu çolaq qardaş tilov ipini dənizə ataraq öz qayığında oturmuşdu, birdən əlində tilov qarğısının bərk titrədiyini hiss etdi. Sevindi ki, tilova iri balıq düşüb. O, tilovu qayığa doğru çəkməyə başladı. Tilova nə düşsə, yaxşıdır?! Qadın sifətli bir balıq. O, quyruğunu suya çırpıb qıvrılır, xilas olmaq istəyirdi. Gümüşü rəngə çalan bədəni çox gözəl idi, gözləri isə yaşıl alov saçırdı. O, Balıq-qadını qollarının altından yapışaraq sudan çıxardı, Balıq-qadın onu qucaqladı və onlar qayığa uzandılar. Bu səadətdən çolaq qardaş bihuş oldu. Başına nə iş gəldiyini bilmirdi, amma ona elə gəldi ki, qayıq göyə qalxdı. Dəniz çalxalanıb göyə, göy də cilvələnib dənizə qovuşdu. Sonra isə hər şey qəflətən sakitləşdi. Sanki fırtına yatdı. Balıq-qadın qayıqdan dənizə atılaraq üzüb uzaqlaşdı. Çolaq qardaş yerindən sıçradı, onu çağırmağa başladı, yalvardı ki, geri qayıtsın, lakin o hay verməyərək dənizin dərinliklərində gözdən itdi.

Dəniz kənarında atılıb tənha qalmış çolaq qardaşın başına belə bir macəra gəldi və o həmin gündən qəribsədi, xiffət eləməyə başladı. O gündən etibarən gecə-gündüz sahil boyunca ağlar gəzdi, hey Balıq-qadını səslədi, ona and-aman edib yalvardı ki, heç olmasa, uzaqdan görünsün.

Dəniz qabaranda gəzdi, oxudu:
Ulu Balıq-qadın, harda üzürsən?
Dəniz çəkiləndə gəzdi, oxudu:
Ulu Balıq-qadın, harda üzürsən?
Aylı gecədə gəzdi, oxudu:
Dəniz – qəm yoldaşımdır,
Bu sular – göz yaşımdır.
Zülmət gecələrdə gəzdi, oxudu:
Torpaq – tənha başımdır!
Ulu Balıq-qadın, harda üzürsən?

Çolaq qardaş Balıq-qadının yolunu gözləməkdə ikən qış ötdü, bahar gəlib keçdi və yay günlərinin birində zavallı çolaq qardaş ləpədöyəndə dizəcən suya girib o yan-bu yana ağır-ağır gedərək Balıq-qadını görəcəyini ümidlə gözlədiyi vaxt qulağına ağlayan uşaq səsi gəldi. O, səs gələn tərəfə yüyürdü və… gözlərinə inanmadı. Suyun lap dayaz yerində bir körpə lümlüt oturmuşdu. Körpə onu yuyub geri çəkilən dalğalara məhəl qoymadan ağlayır və qışqıra-qışqıra təkrar edirdi: “Kimdir mənim atam? Haradadır mənim atam?” Çolaq qardaş lap mat qaldı, binəva bilmədi nə etsin. Körpə isə onu görən kimi dedi: “Sənsən mənim atam! Məni öz yanına apar, mən sənin oğlunam!”

Çolaq qardaşın başına belə bir əhvalat gəldi. O, oğlunu götürüb öz yanına apardı. Oğlan tez böyüdü. İgid və mətin bir ovçu oldu, ad-san qazandı. O, anadan bəxtəvər doğulmuşdu: tor atırdı – o qədər balıq düşürdü ki, yığıb-yığışdırmaq olmurdu, ox atırdı – dəniz yırtıcılarının bu üzündən dəyib o üzündən çıxırdı. Şöhrəti meşələr keçdi, dağlar aşdı, uzaqlara yayıldı. İş elə gətirdi ki, meşə adamlarının qəbiləsindən olan bir qızı ona hər cür hörmət-ehtiramla ərə verdilər. Onların uşaqları dünyaya gəldi və buradan da Balıq-qadının nəsli artmağa başladı.

O vaxtdan da bayramlarda belə mahnılar oxunur:

Ulu Balıq-qadın, harda üzürsən?
Sənin isti bətnin – həyat mənbəyi.
O isti bətnindən törəmişik biz –
Dəniz kənarında göz açmışıq biz.
Dünyada ən yaxşı yer – isti bətnin.
Ulu Balıq-qadın, harda üzürsən?
Nerpa başı kimi bəyaz döşündən
Bizə süd vermisən sahil boyunda.
Ulu Balıq-qadın, harda üzürsən?
Üzəcək yanına ən güclü kişi:
Bətnin zaman-zaman barlansın deyə,
Nəslin zaman-zaman çoxalsın deyə…

***

Bu yuxu Orqanda hər dəfə uzun müddət keçib getməyən çaşqınlığa bənzər bir duyğu yaradırdı. O bu yuxunun həqiqət olduğuna o qədər inanırdı ki, adi həyatda belə halları heç kimə danışmalı olmadığı kimi, Balıq-qadınla olan görüşlərini də heç kimə danışmırdı.

Bəli, o, qocaya həm sevinc, həm kədər, həm də ruhi iztirablar verib onu tez-tez yoxlayan yuxu – sirdaş idi. Orqan bu barədə düşünərək öz anlaşılmazlığı və əsrarəngiz əlamətlərilə adama daim əzab verən yuxuların canlı həyatla gözəgörünməz, arasıkəsilməz əlaqəsini başa düşməyə çalışırdı. Bu an özünü belə bir məqamda tuturdu ki, o, ruhunun bütün iztirablarına baxmayaraq, daim həmin yuxuların qayıtmasını istəyir, daim onunla – Balıq-qadınla görüşün dözülməz həsrətini çəkir…

Orqan onunla dənizdə görüşərdi. Onun həsrətilə sahilə çıxar, gəlişini gözləyər, ayaq izlərinin tez itdiyi, lakin qürub etmiş günəşin sönmüş şəfəqlərinin qara, hərəkətsiz kölgələrinin qaldığı kimsəsiz sahil qumları üzərində intizarla gəzərdi. Qara qar kimi yapıxıb qalmış kölgələrin üstü ilə o, güclü, ürəkyaxan bir kədər dünyasına qapılaraq addımlayardı. Sevgi, arzu və ümid qəmi onun başından aşıb-daşardı, dəniz isə sakit və biganə qalardı. Tənhalığın o gərgin, kimsəsiz dünyasında nə bir külək, nə bir səs, nə bir xışıltı olardı. O isə hey dənizə baxıb möcüzə gözləyərdi. Səssiz dalğaların onun addımladığı yol boyunca sahilə səssiz ağ köpük axını qovub gətirməsi ona çox ağır gələrdi. Karlaşmış, lallaşmış bu boşluqda o, gözləyə-gözləyə qaldıqca əhvalının daha da pis olduğunu, qəlbində sakitləşmək bilməyən Balıq-qadın həsrətinin daha da coşduğunu hiss edərək özünə bir yer tapa bilmirdi, hətta yuxuda da başa düşərdi ki, əgər Balıq-qadını görməsə, əgər Balıq-qadın gəlib çıxmasa, onun halı pis olacaq. Bəzən o bu səssizliyə dözməyib Balıq-qadını çağırmağa başlayardı. Ancaq öz səsini eşitməzdi, çünki bu qəribə yuxuda heç bir səs olmadığı kimi, onun səsi də yox idi. Dəniz isə susardı. Bütün bunlar onu əsəbiləşdirərdi. O nə edəcəyini bilməzdi. Yalnız Balıq-qadının ona səadət verə biləcəyinə inanırdı. Ona görə də onu ümidlə gözləyirdi.

Balıq-qadın, nəhayət, sürətlə üzüb suyun üzünə çıxanda, dalğalar arasından üzünü arabir göstərib ona doğru üzəndə dünyanın sükutu uçqun kimi dağılardı. O, səslərin qayıtmasını – yenidən oyanıb sahilə çarpan dalğaların nərəsini, küləyin vıyıltısını, başı üzərində uçan qağayıların səs-küyünü sevinclə qarşılardı. O, haray-həşirlə dənizə cumar, balina kimi sürətlə üzən bir canlıya çevrilərək onun yanına tələsərdi.

Balıq-qadın isə onu gözləyər, coşqun halda dövrələr vurar, bir göz qırpımında suyun üzündə durardı. Həmin anlarda bütün bədənini şux, canlı ehtirasla titrədərək qəfildən dənizə düşmüş ən adi qadın kimi görünərdi.

O, Balıq-qadının yanına çatdıqda onlar birlikdə okeana üzərdilər. Get-gedə sürətlənən yürüşlərində bir-birinə yüngülcə toxunaraq yan-yana, çiyin-çiyinə üzərdilər. Onun həsrətini çəkməsi, yolunda tənhalıq və qəm- qüssə əzablarına qatlaşması da elə bu anlardan ötrü idi.

İndi onlar bir yerdə idilər. Onlar ağlasığmaz qüvvə və sürətlə qarşılarına çıxan dalğaların köpüklərini bədənləri ilə yararaq oraya, əlçatmaz üfüqə doğru tələsirdilər. Onlarla yanaşı isə suyun üzərinə güzgü ləkəsi kimi düşüb səyriyən, dalğaların üstüylə şütüyən bədirlənmiş Ay onları müşayiət edə-edə inadla gedirdi.

Onlar nə qədər iti üzürdülərsə, Orqanın ehtirası da bir o qədər şiddətlə coşurdu. Orqan yorulmaq bilmədən üzür, özünün bütün həyat cövhərini son zərrəsinədək kürütökmə yerinə aparan qızıl balıq kimi, var gücüylə irəliyə can atırdı. O, məhəbbətdən məst olaraq üzürdü. Sehrkar Balıq-qadın isə onu okeanın lap dərinliklərinə çəkib aparır, bədəninin zərif hərarəti, çevikliyi və cəldliyi ilə Orqanı əfsunlamağa davam edirdi.

Onlar susur, heç nə barədə danışmırdılar, yalnız su axınları və sıçrantıları içərisində aydın görünməyən üzlərinə alışmağa çalışaraq aramsız surətdə elə bir-birinə baxır, tale tərəfindən onlar üçün təyin edilmiş yerin və saatın səbirtükədən, getdikcə daha da artan intizarı qoynunda durmadan baş alıb okeana gedirdilər.

Lakin onların o yerə, o məqama nə əlləri çatırdı, nə ünləri yetirdi…

Əksər hallarda onun yuxuları qəflətən bitər, yarıda qırılar, tüstü kimi çəkilib yox olardı. Belə hallarda o çaşıb qalardı. Sözün əsl mənasında, pərt olar və sonra da kədərlənərdi, nə isə bir tamarzılıq, təminolunmazlıq hissi keçirərdi. Kefi ayazıyanda, bir xeyli vaxt keçəndən sonra yuxularını əvvəldən yadına salar, gördüklərinin mənasını anlasın deyə ciddi surətdə fikrə gedərdi. Çünki ürəyində inanırdı ki, onun yuxusuna girənlər yuxudan daha artıq bir şeydir. Axı adi yuxu, sən onu xatırlasan da, bir az vaxt keçəndən sonra həmişəlik unudulub gedir. Balıq-qadın və onunla bağlı yuxuları isə Orqan heç vaxt unutmurdu, onun haqqında həqiqətən həyatda olmuş və hələ də mövcud olan bir varlıq kimi düşünürdü. Buna görə də qoca, Balıq-qadınla yuxudakı vüsalını və gözlənilməz ayrılığını, deyəsən, gerçək vaqiə kimi qəbul edərək hər dəfə ürəkdən mütəəssir olurdu.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)